18.07.2025
İyulun 18-də Lerik Rayon Mədəniyyət Mərkəzində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, mətbuat işçiləri, ziyalılar və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Arzu Vəliməmmədova tədbir iştirakçılarını 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edərək bildirib ki, 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür.
Tədbirdə Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Lerik Rayon Dövlət Arxivinin müdiri Balaşirin Nəsirov, Əməkdar həkim Etibar Həşimov, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, qələm adamlarından Xanlar Həmidov, Mükafat Yaqubov, Tərxan Feyziyev, journalist Zəfər Əliyev çıxış edərək Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıblar.
Qeyd olunub ki, Azərbaycanın milli mətbuatı tarixində öz dəst-xətti olan, rayonumuzun ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan, 1937-ci ildən başlayaraq müxtəlif adlarla nəşr edilmiş “Lerik” qəzeti rayonun iqtisadi, sosial-siyasi, mədəni həyatında mühüm rola malik olmuş, ictimai rəy formalaşdırmış, milli-mənəvi dəyərlərə dəstək olmuşdur. “Lerik” qəzetinin uğurlu fəaliyyətində rayonda fəaliyyət göstərən mətbuat işçilərinin, qələm adamlarının böyük əməyi olmuşdur.