29.07.2026
İyulun 28-də Masallı rayon Mərkəzi Kitabxanasında Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xaqani Şirvaninin Azərbaycan və Şərq ədəbiyyatındakı müstəsna yeri, klassik ədəbiyyatın inkişafına verdiyi misilsiz töhfələrdən söhbət açılıb. Bildirilib ki, XII əsr Azərbaycan intibah poeziyasının görkəmli nümayəndəsi olan şair dərin fəlsəfi məzmunu, yüksək bədii sənətkarlığı ilə seçilən zəngin ədəbi irs yaradıb. Çıxışlarda böyük söz ustasının həyat və yaradıcılığı, qəsidə, qəzəl və rübailərində əks olunan humanist ideyalar, həmçinin “Mədain xərabələri” qəsidəsi və “Töhfətül-İraqeyn” poeması haqqında məlumat verilib. Vurğulanıb ki, dahi mütəfəkkirin zəngin irsi bu gün də öz aktuallığını və bədii dəyərini qoruyaraq oxucular tərəfindən böyük maraqla qarşılanır. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Xaqani Şirvaninin 900 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Tədbir iştirakçıları böyük şairin zəngin yaradıcılıq irsinin öyrənilməsinin, təbliğinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.