31.07.2026
İyulun 30-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva insan alverinin müasir dövrün ciddi sosial problemlərindən biri olduğunu qeyd edərək, bu istiqamətdə maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb. Görüşdə Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aybəniz Novruzova və Masallı Gənclər evinin metodisti Tural Sadıqov çıxış ediblər. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti vurğulanıb. İnsan alverinin qarşısının alınması, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi və aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi diqqətə çatdırılıb. Qeyd edək ki, tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon İcra Hakimiyyəti və Masallı Gənclər evinin birgə təşkilatçılığı, Masallı Rayon Tibb Məktəbinin dəstəyi ilə keçirilib.