11.06.2026
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Lerik rayon mədəniyyət müəssisələri və Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Lerik rayon Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov insan hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirmənin gücləndirilməsi, qanunun aliliyi və vətəndaş məsuliyyəti prinsiplərinin təbliğinin əhəmiyyətini vurğulayıb. Çıxış edən YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev insan hüquqlarının ümumbəşəri dəyər olduğunu qeyd edərək, ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasəti və Ulu Öndər Heydər Əliyevin imzaladığı mühüm sənədlər barədə məlumat verib. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev isə hüquqi dövlət quruculuğunda vətəndaşların öz hüquq və vəzifələrini bilməsinin vacibliyini diqqətə çatdıraraq, mədəniyyət işçilərinin bu istiqamətdə maarifləndirmə fəaliyyətində fəal iştirakının əhəmiyyətini vurğulayıb. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayon sektoru üzrə müdiri Natiq İsaqov aylıq çərçivəsində keçirilən tədbirlərin gənclərin hüquqi dünyagörüşünün formalaşmasına mühüm töhfə verdiyini bildirib.
Tədbirdə çıxış edən digər iştirakçılar da insan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmənin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.