11.06.2026
İyunun 11-də Masallı rayon Mərkəzi Kitabxanasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “Mədəni hüquqlar və insan hüquqlarının qarşılıqlı əlaqəsi” mövzusunda tədbir keçirilib. Tədbir Ombudsman Cənub Regional Mərkəzi, Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edənlər insan hüquqlarının qorunmasının, hüquqi maarifləndirmənin və mədəni dəyərlərin yaşadılmasının vacibliyindən danışıblar. Bildirilib ki, insan hüquqları ilə mədəni hüquqlar bir-biri ilə sıx bağlıdır və bu hüquqların qorunması cəmiyyətin inkişafına, qarşılıqlı hörmətin və tolerantlığın möhkəmlənməsinə xidmət edir. Çıxışlarda həmçinin Azərbaycanın multikultural dəyərlərə sadiq ölkə olduğu, müxtəlif mədəniyyətlərin və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyi vurğulanıb. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.