Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səməd Vurğunun yubileyi münasibətilə şeir müsabiqəsi keçirilib

10.06.2026

Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə gənclər və məktəblilər arasında şeir müsabiqəsi təşkil olunub.

10 iyun tarixində keçirilən müsabiqənin əsas məqsədi böyük söz ustasının zəngin ədəbi irsini yaşatmaq, yeniyetmə və gənclərdə milli poeziyaya maraq aşılamaq, eləcə də istedadlı şagirdləri üzə çıxarmaq olub. Müsabiqədə ümumilikdə 28 məktəbli 7–10 və 11–16 yaş kateqoriyaları üzrə çıxış edərək Səməd Vurğunun “Azərbaycan”, “Ala gözlər”, “Maral”, “Dağlar”, “Bahar”, “Dünya” və “Şair, nə tez qocaldın sən!” kimi şeirlərini məharətlə ifa ediblər. Daha sonra çıxışlar münsiflər heyəti tərəfindən düzgün tələffüz və diksiya, intonasiya və emosional ifadəlilik, səhnə mədəniyyəti, həmçinin şeirin tam və dəqiq yadda saxlanılması meyarları üzrə qiymətləndirilib. Gərgin və maraqlı keçən müsabiqənin yekununda qaliblər müəyyən olunub. 7–10 yaş kateqoriyası üzrə I yerə Qafarzadə Mədinə və Mirzəzadə Ayan, II yerə Ağazadə Rüqəyya, III yerə isə Ağazəda Mədinə layiq görülüblər.

11–16 yaş kateqoriyasında isə I yeri Xosrovzadə Mənsurə və Qəribova Mədinə, II yeri Cəfərov Mirrəhman, İbrahimova Zəhra və Hacızadə Mehriban, III yeri isə Bünyatova Məryəm, Hüseynli Sevil və Qəribova Gülay qazanıblar. Sonda qaliblər diplom, təşəkkürnamə və Səməd Vurğunun seçmə şeirlər kitabı ilə mükafatlandırılıblar.