09.06.2026
Astara rayon Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Ombudsman Cənub Regional Mərkəzi, Lənkəran Regional Miqrasiya İdarəsi və Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Dövlətimiz hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir” mövzusunda maarifləndirici tədbir və sərgi keçirilib. Tədbirdə Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Regional Miqrasiya İdarəsinin bölmə rəisi Zamiq Kərimov, YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndə vəzifəsini m.i.e. Anar Kəkəyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta, Astara rayon Sərək kənd Y.Nəsirov adına tam orta, Astara rayon Tüləgüvan kənd X.Şəkərov adına tam orta, Astara rayon Qapıcıməhəllə kənd Ə.Əliyev adına ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Tədbirdə çıxış edənlər insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların hüquqlarının təmin olunması, bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlər, hüquqi maarifləndirmənin əhəmiyyəti və gənclərin hüquq mədəniyyətinin formalaşdırılması məsələlərindən bəhs ediblər. Həmçinin insan hüquqlarının cəmiyyətdə rolu, hər bir şəxsin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Daha sonra mövzunun davamı olaraq videoçarx nümayiş olunub. Yekunda tədbir iştirakçıları Mərkəzin “Elektron kitabxanası”nın kitablarından və “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.