06.06.2026
Lerik rayon Heydər Əliyev Mərkəzi və Lerik şəhər İnternat tipli İnteqrasiya təlimli Gimnaziyanın birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində şagirdlər üçün maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi şagirdlərin hüquqi biliklərini artırmaq, onları Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş fundamental hüquq və azadlıqlar barədə məlumatlandırmaq olub. Tədbiri giriş sözü ilə Gimnaziyanın direktoru Tehran Höccətov açaraq insan hüquq və azadlıqlarının qorunmasının cəmiyyətin hər bir üzvü, xüsusilə də uşaq və gənclər üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, belə tədbirlərin şagirdlərdə hüquqi şüurun formalaşmasına və vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. Daha sonra Lerik Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva “İnsan hüquqları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda insan hüquqlarının tarixi inkişaf mərhələləri, Azərbaycan Respublikası Konstitusiyasında əks olunan əsas hüquq və azadlıqlar, uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, eləcə də beynəlxalq konvensiyalar barədə ətraflı məlumat verilib. Tədbir interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Şagirdlər mövzu ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab alıblar.