18.05.2026
Mayın 18-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində rayon mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov öncə Mədəniyyət Nazirliyi tərəfindən qarşıya qoyulan tapşırıqların və müəyyən edilmiş prioritet istiqamətlərin icrasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə fəaliyyətlərin ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi mühüm əhəmiyyət daşıyır. O, mədəniyyət sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə ümumi məlumat verərək, fəaliyyətlərin təkmilləşdirilməsi, idarəetmədə müasir yanaşmaların tətbiqi və iş proseslərinin səmərəli təşkili istiqamətində atılan addımların önəmini qeyd edib. Çıxışda “Azərbaycan mədəniyyəti-2040” Konsepsiyasına da toxunulub. Sənədin milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin gələcək nəsillərə ötürülməsi və mədəniyyət sahəsində yeni inkişaf modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Konsepsiyada Azərbaycan dili, ədəbiyyat, incəsənət, mədəni irsin qorunması və bilgi mədəniyyətinin inkişafı kimi əsas istiqamətlərin yer aldığı diqqətə çatdırılıb. Seminar-müşavirə çərçivəsində müəssisələrdə daxili intizam qaydalarına riayət olunması, insan resurslarından səmərəli istifadə məqsədilə həyata keçirilən optimallaşdırma və rotasiya tədbirləri, eləcə də sənədləşmə işlərinin təkmilləşdirilməsi və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi məsələləri müzakirə edilib. Sonda media və kommunikasiya sahəsinə diqqət çəkilərək, idarənin rəsmi internet səhifəsi və sosial media platformaları vasitəsilə ictimaiyyətin məlumatlandırılmasının təmin olunduğu, informasiya axınının daha operativ və səmərəli təşkili baxımından bu istiqamətdə işlərin gücləndirilməsinin vacibliyi vurğulanıb.