17.05.2026
Mayın 15-də Lerik Rayon İcra Hakimiyyəti və rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev və müasir Azərbaycanın şəhərsalma modeli: davamlı inkişafdan Zəfərə” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Konfransda çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda siyasi sabitlik təmin olunmaqla yanaşı, müasir dövlət quruculuğu və şəhərsalma siyasətinin möhkəm təməli formalaşdırılıb. O qeyd edib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin sosial-iqtisadi inkişafı sürətlənib, şəhər və rayonlarda yeni infrastruktur layihələri icra olunub, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilib. M.Dənziyev vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, xüsusilə 2020-ci ildə əldə olunan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Onun sözlərinə görə, Şuşa şəhərinin yenidən dirçəldilməsi və Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişaf etdirilməsi milli irsə və mədəni dəyərlərə verilən yüksək diqqətin bariz nümunəsidir. Çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, tikinti və memarlıq şöbəsi müdirinin müavini, baş memar Əflatun İbrahimov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən layihələrin Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu qeyd edərək, Lerik rayonunda aparılan abadlıq, tikinti və sosial infrastruktur işləri barədə məlumat verib. Digər çıxış edənlər isə mövzu çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd ediblər, həmçinin mövzu ilə əlaqədar qısametrajlı sənədli film nümayiş olunub.