Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovanın 75 illik yubileyi qeyd olunub

16.05.2026

Masallıda Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı, “Şərəf nişanı” ordenli tanınmış mədəniyyət xadimi Lətifə Mövsümovanın 75 illik yubileyi keçirilib.

Mayın 15-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində təşkil olunan yubileydə rayon rəsmiləri, habelə idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Yubiley Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin ehtiramla anılması ilə başlayıb. Ardınca yubilyarın həyat və yaradıcılıq yolunu əks etdirən “Ömrün pərdə arxası” adlı videoçarx nümayiş olunub. Giriş nitiqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Lətifə Mövsümovanın 75 illik yubileyini səmimi sözlərlə təbrik edərək onun Azərbaycan mədəniyyətinin inkişafında uzun illər ərzində göstərdiyi xidmətləri yüksək qiymətləndirib. O bildirib ki, mədəniyyət sahəsinə göstərilən dövlət qayğısı Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu yanaşma mədəniyyət xadimlərinin fəaliyyətinə geniş imkanlar yaradaraq onların əməyinin daim yüksək dəyərləndirilməsinə şərait yaradır. Daha sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək yubileyarı təbrik edərək, ən xoş arzularını çatıdırıb. O vurğulayıb ki, L.Mövsümovanın mədəniyyət sahəsindəki çoxillik fəaliyyəti mədəni mühitin formalaşmasına, yaradıcılıq ənənələrinin qorunmasına və yeni təşəbbüslərin dəstəklənməsinə mühüm töhfələr verib və bu xidmətlər mədəni ictimaiyyət tərəfindən hər zaman hörmətlə xatırlanır. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini Firəngiz Sadıqova, Lənkəran Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı Oqtay Muxtarov və iki şəhid anası Ziba xanım Əsgərova çıxış edərək yubilyarın həyat və yaradıcılıq yolundan, mədəniyyətin inkişafına verdiyi töhfələrdən və yüksək mənəvi keyfiyyətlərindən danışıblar. Əməkdar incəsənət xadimi Əliqismət Lalayev isə çıxışında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlunın yubiley münasibətilə ünvanladığı təbrik məktubunu, həmçinin aparıcı tərəfindən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səmimi təbriklərini oxuyaraq tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Tədbir çərçivəsində yubileyara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub. Sonda Lətifə xanım ona göstərilən diqqət və ehtirama görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib, keçdiyi ömür yoluna dair xatirələrini bölüşüb. Yubiley incəsənət ustalarının iştirakı ilə təqdim olunan rəngarəng bədii proqramla davam edib. Səsləndirilən musiqi nömrələri və nümayiş etdirilən səhnəciklər tədbirə xüsusi ovqat və yaddaqalan ab-hava qatıb.