11.05.2026
Mayın 10-da Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Yardımlı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan ekskursiyada iştirak ediblər. İştirakçılar Mərkəzdə təşkil olunmuş sərgilərlə tanış olub, Ulu Öndərin zəngin dövlətçilik fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və milli inkişaf strategiyasının formalaşdırılması istiqamətində həyata keçirdiyi mühüm islahatlar barədə ətraflı məlumatlandırılıblar. Ekskursiya zamanı nümayiş etdirilən eksponatlar, fotostendlər və nəşrlər vasitəsilə Ümummilli Liderin mənalı və şərəfli ömür yolu, siyasi irsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində gördüyü əvəzsiz işlər xüsusi vurğulanıb. Tədbirin sonunda qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi bu gün də ölkəmizin inkişafında əsas ideoloji istiqamətlərdən biri olmaqla, gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynayır.