08.04.2026
Aprelin 7-də Astara rayon Heydər Əliyev Mərkəzində və Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon bölməsi ilə birgə 3 aprel Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun anım gününə həsr olunmuş “Özünə şəhidlik arzulayan gizir” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Astara rayon bölməsinin əməkdaşları, Astara şəhər Z. Bünyadov adına 2 nömrəli, R. Camalov adına 7 nömrəli tam orta məktəblərin, eləcə də A. İbrahimov adına Şüvi kənd tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak ediblər. İştirakçılar əvvəlcə qəhrəmanın büstünü ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Pəncəli Teymurovun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıqdan bəhs olunub, onun şücaətinin gələcək nəsillər üçün nümunə olduğu bildirilib. Qeyd olunub ki, Pəncəli Teymurovun həyat yolu və qəhrəmanlığı vətənpərvərlik nümunəsi olaraq yaddaşlarda qalacaq və xatirəsi daim hörmətlə anılacaq. Tədbir çərçivəsində Milli Qəhrəmanın həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş olunub. Sonda iştirakçılar rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.