04.04.2026
Aprelin 4-də Cəlilabad rayon Mərkəzi Kitabxana Sistemi və Cəlilabad rayon Paradoks Tədris və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Böyük Zəfərin Başlanğıcı” adlı anım tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, yerli idarəetmə, mədəniyyət və təhsil sahələrinin nümayəndələri, eləcə də şagirdlər və təşkilat əməkdaşları iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışaraq bildiriblər ki, bu döyüşlər xalqın birliyini və ordunun gücünü göstərərək böyük Zəfərin əsasını qoyub. Qeyd olunub ki, Aprel döyüşləri sonrakı uğurların başlanğıcı olmaqla 44 günlük Vətən müharibəsində əldə olunan qələbəyə gedən yolun mühüm mərhələlərindən biri olub. Sonda məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.