Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda “NovruzFest II” adlı regional tədbir keçirilib.

18.03.2026

Martın 18-də Lənkəran şəhərində “NovruzFest II” adlı regional tədbir keçirilib. Festival Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə baş tutub. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, regional idarələrin rəhbərləri, idarə, müəssisə və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rəsmi hissə Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra rayon rəhbərliyi bayram tonqalını alovlandırıb, şəhid övladları tərəfindən sülh rəmzi olan göyərçinlər havaya buraxılıb. Festival çərçivəsində iştirakçılar Novruz atributları, xalq sənətkarlığı, milli mətbəx nümunələri və müxtəlif sərgilərlə tanış olublar. Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından gələn gənclər, idmançılar və mədəniyyət nümayəndələri Novruzun qədim adət-ənənələrini əks etdirən proqramlarla çıxış ediblər. Eyni zamanda milli oyunlar, musiqilər, xalq rəqsləri, idman çıxışları, folklor nümunələri və gənclərin hazırladıqları yaradıcı təqdimatlar nümayiş olunub. Tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam edib. Qeyd edək ki, tədbir milli-mənəvi dəyərlərin təbliği, Novruz ənənələrinin yaşadılması və gənclər arasında birlik və həmrəyliyin gücləndirilməsi məqsədinə xidmət edib.