01.03.2026
Masallı rayon Mərkəzi Kitabxanasında Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə təşkilatçılıq çərçivəsində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə maarifləndirici tədbir keçirilib. Kitabxananın direktoru Zamin Məmmədov mülki müdafiənin əhəmiyyətindən, insan həyatının qorunmasında oynadığı roldan və təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının vacibliyindən danışmış, gündəlik həyatda baş verən praktiki nümunələrə toxunub. Daha sonra muzeyin əməkdaşı və muzey üzrə Mülki Müdafiə Qərargahının rəisi Həmid Cəbiyev mövzu ilə bağlı geniş məruzə təqdim edərək mülki müdafiənin əsas vəzifələri, qabaqlayıcı tədbirlər və fövqəladə hallarda əhalinin düzgün davranış qaydaları barədə məlumat verib. Muzeyin direktoru Əntiqə Tağıyeva isə vurğulayıb ki, mülki müdafiənin başlıca məqsədi əhalini fövqəladə hallardan qorumaq, mümkün riskləri azaltmaq və təbii və texnogen fəlakətlərin nəticələrini minimuma endirməkdir. Tədbirdə kitabxananın əməkdaşı Günay Xəlilova çıxış edərək maarifləndirici tədbirlərin vacibliyini vurğulayıb və “təhlükəsizlik çantası”nın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu çantada su, fənər, ilkin tibbi yardım vasitələri və vacib sənədlər olur və fövqəladə vəziyyətdə böyük kömək edir.