17.02.2026
Fevralın 17-də Masallı Dövlət Regional Kollecin Kitabxana ixtisası üzrə təhsil alan tələbələri üçün “Heydər Əliyev və kitabxanaçılıq” mövzusunda Masallı rayon Heydər Əliyev Mərkəzinə maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə və kitabxanaçılıq sahəsinə göstərdiyi diqqət və qayğının gənclərə çatdırılması olub. Ekskursiya zamanı tələbələrə Ümummilli Liderin mədəni irsin qorunması, kitab və mütaliə mədəniyyətinin inkişafı, kitabxanaların fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin rəhbərliyi dövründə kitabxana sisteminin inkişafı, fondların zənginləşdirilməsi və oxucuların informasiya təminatının yaxşılaşdırılması daim prioritet istiqamətlərdən biri olub. Ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb və maarifləndirici əhəmiyyəti xüsusi qeyd edilib.