12.10.2025
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, "Söz" müstəqil ədəbi-publisistik jurnalının baş redaktoru Sevda Əlibəylinin dəstəyi ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında” layihəsi çərçivəsində şair Şəkər Aslanın 90 illik yubileyinə həsr olunmuş "Payıma düşən ömür" adlı tədbir keçirilib.
Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, şairin dostları, ailə üzvləri və yaxınları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq, şairin yaradıcılığı və ədəbi irsi haqqında ürək sözlərini bölüşüb.
Daha sonra “Söz” jurnalının baş redaktoru Sevda Əlibəylinin səmimi təqdimatı və bədii müşayiəti ilə tədbir davam etdirilib.
Çıxış edənlər xalq şairi Sabir Rüstəmxanlı, filologiya elmləri doktoru Vaqif Yusifli, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, respublikanın ilk poliqrafçı alimi Şəddad Cəfərov, AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli, yazıçı-publisist Hacı Etibar Əhədov, şairlər Xudaverdi Cavadov, Ağamir Cavad, Əhməd Haqsevər, Xalidə Vaqifqızı və Ofeliya Nəzərova Şəkər Aslanın zəngin yaradıcılığından, insani keyfiyyətlərindən və Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən söz açıblar
Tədbir boyunca şairin həyat və yaradıcılığını əks etdirən videoroliklər nümayiş olunub, onun poeziyasından seçmələr səsləndirilib. Eyni zamanda məktəblilərin şairin şeirlərindən söylədikləri nümunələr tədbirə xüsusi rəng qatıb.
Sonda yubiley iştirakçıları xatirə şəkli çəkdiriblər.