10.10.2025
Oktyabrın 10-da Lənkəranda Azərbaycan Respublikasının Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən ərsəyə gətirilən “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, ziyalılar, tələbələr iştirak edib.
Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.
Lənkəran Dövlət Universitetində keçirilən təqdimat mərasimində Tahir Əmiraslanov bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərcivəsində ərsəyə gətirilən kitab 208 səhifədən ibarət nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, minaturlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığı rəssam Nigar Əliyevanındır. Kitab həm alimlər həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir.
Tədbirdə təqdim olunan rəssam Təhmasib Məcidovun rəsmlərindən ibarət sərgi də qonaqlar üçün böyük maraq kəsb edib.