Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Seyid Əzim Şirvani – Maarifçiliyin Zirvəsində

09.10.2025

Oktyabrın 9-da Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş “Seyid Əzim Şirvani – Maarifçiliyin Zirvəsində” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Seyid Əzim Şirvani öz yaradıcılığında Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirib, mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynayıb.

Sonra kitabxananın digər əməkdaşı Gülər Piriyeva məruzə edərək dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şairin, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirdiyini, əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirdiyindən söz açıb. Vurğulanıb ki,Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanıb. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoyub.