07.10.2025
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi ilə əlaqədar oktyabrın 7-də Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Astara şəhər C.Babayev adına liseyin və Astara rayon A.Hidayətov adına Kijəbə qəsəbə 2 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, 2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur. Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova geniş məruzə ilə çıxış edib.
Daha sonra “Mirzə Qədim İrəvani yaradıçılığı” haqqında qısa sənədli film nümayiş olunub.