26.08.2025
26 avqust – Laçın şəhəri günü münasibətilə Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə rayon gəncləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən Mərkəzin direktoru Hüsaməddin Abbasov Laçın şəhərinin işğaldan azad olunmasının Azərbaycan tarixində mühüm hadisə olduğunu vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il 26 avqust Laçın şəhəri günü kimi qeyd olunur və bu tarix Azərbaycan xalqının qürurlu günlərindən biridir.
Daha sonra tədbirdə iştirak edən gənclər çıxış edərək, Laçının azad edilməsinin onlarda yaratdığı qürur hissindən söz açıblar. Onlar qeyd ediblər ki, Laçının yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıdışı hər bir azərbaycanlı üçün böyük sevincdir.
Tədbir sonda müzakirələrlə davam edib, gənclərin sualları cavablandırılıb və Laçının tarixi, mədəniyyəti və bugünkü inkişafı barədə geniş məlumat verilib.