26.08.2025
Avqustun 26-da Masallı Dövlət Rəsm Qalereyasında tanınmış Əməkdar rəssam, xalçaçı, tədqiqatçı-alim, Məmmədhüseyn Hüseynovla görüş keçirilib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə əməkdaşlığı ilə xalqımızın zəngin mədəni irsinin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyan “Əsrlərin izi-Həsir və xalça dünyası” adlı tədbirdə incəsənətsevərlər, sənətşünaslar, tələbələr və regionun Xalçaçı xanımları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tədbirin məqsədi haqqında geniş məlumat verərək Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndələrindən biri olan Məmmədhüseyn Hüseynovun yaradıcılığı və bu sənət sahəsində gördüyü işlərdən danışıb.
Sonra xalçaçı rəssam öz yaradıcılıq yolundan, xalça kompozisiyalarının ərsəyə gəlmə prosesindən, ilham mənbələrindən və Azərbaycan xalçaçılıq məktəblərinin özünəməxsus xüsusiyyətlərindən maraqlı məlumatlar verib.
Tədbirdə iştirakçılarla açıq sual-cavab sessiyası təşkil olunub, rəssam xalçaçıların suallarını cavablandırılıb.