Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Seyid Əzim Şirvani-190

29.07.2025

Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Lerik rayon Mədəniyyət Mərkəzinin "İş planı"na əsasən Lerik rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Tədbirdə şair Xanlar Həmid, mədəniyyət işçiləri və rayonun qələm adamları iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, hələ gənc yaşlarında təhsil almaq həvəsi Seyid Əzimi İraqa – Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparıb. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra orada yeni üsul üzrə məktəb açaraq ömrünün sonuna qədər burada müəllimlik edib. O, köhnə mollaxanadan fərqli olaraq, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi.

Bildirilib ki, şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr və yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir.

Sonda rayon incəsənət məktəbinin müəllimi Səyyad Əhədovun Seyid Əzim Şirvaninin qəzəlləri ilə ifa etdiyi muğam parçaları tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.