21.07.2025
İyulun 21-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lerik Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "22 iyul - Milli Mətbuat Günü" münasibətilə "Mətbuata gənc yanaşma" mövzusunda görüş keçirilib.
Görüşdə Lerik rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq İsaqov və Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hüsaməddin Abbasov çıxış edərək 22 iyul – Milli Mətbuat Gününün tarixi əhəmiyyətindən, Azərbaycanda milli mətbuatın formalaşma mərhələlərindən və mətbuatın cəmiyyət həyatında oynadığı roldan bəhs ediblər.
Bildirilib ki, bu gün informasiya bolluğu dövründə gənclərin mətbuatla düzgün münasibət qurması, informasiya savadlılığına malik olması və sosial mediada məsuliyyətli davranması xüsusilə önəmlidir. "Mətbuata gənc yanaşma" mövzusu çərçivəsində gənclərin media sahəsinə olan marağı, jurnalistika peşəsinin perspektivləri və etik məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda gənclərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr və fikir mübadiləsi olub.