Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mənəvi dəyərlər və mütaliə

15.07.2025

İyulun 15-də Masallı rayon Mərkəzi Kitabxanasında Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsinin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlər və mütaliə” mövzusunda tədbir keçirilib.

Tədbir başlamazdan öncə Vətənimizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Günay Xəlilova tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, mütaliə gənclərin dünyagörüşünün formalaşmasında və mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayır. Günay Xəlilova həmçinin vurğulayıb ki, bu cür tədbirlər kitabxanaların yalnız kitab oxunan yer deyil, eyni zamanda maarifləndirici və tərbiyəvi fəaliyyətlərin aparıldığı mədəniyyət ocaqlarına çevrildiyini bir daha sübut edir.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsinin , baş məsləhətçisi Pərvin İmanov, Masallı şəhər Cümə məscidinin axundu Hacı Məftun Hüseynov, Mərkəzi Kitabxananın əməkdaşı Rasif Dadaşov və Qızılağac kənd kitabxana filialının müdiri Sevda Abbasova çıxış ediblər.

Çıxışlarda milli-mənəvi dəyərlərin qorunması, bu dəyərlərin gənc nəslə ötürülməsi və bu prosesdə mütaliənin rolu geniş şəkildə izah olunub. Natiqlər bildiriblər ki, kitab oxumaq yalnız bilik mənbəyi deyil, həm də insan şəxsiyyətinin formalaşmasında mühüm vasitədir. Onlar həmçinin oxu vərdişlərinin cəmiyyətin mənəvi səviyyəsinə təsiri və ailədə, məktəbdə sağlam mütaliə mühitinin yaradılmasının əhəmiyyəti barədə də öz fikirlərini bölüşüblər.