Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Üçüncü Respublika Xalq Teatrları Festivalının növbəti seçim mərhələsi Masallıdakeçirilib

18.04.2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Üçüncü Respublika Xalq Teatrları Festivalı”nın növbəti seçim mərhələsi 17 aprel tarixində Masallıda baş tutmuşdur. Mədəniyyət Nazirliyinin təsdiq etdiyi “Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na əsasən keçirilən festivalda məqsəd əhalinin estetik zövqünün formalaşdırılması və asudə vaxtının səmərəli təşkilində xalq teatrlarının rolunun artırılmasıdır.

N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində keçirilən festivalda Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən yaradıcı kollektivlərlə yanaşı, Biləsuvar, eləcə də Lənkəran Regional Mədəniyyət İdarələrini təmsil edən xalq teatr qrupları və studiyaları da iştirak edirdi.Festivalda ilk olaraq, Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Masallı Xalq Teatrı” bir pərdəli “Qaçqın gəlin” dram tamaşası ilə çıxış etdi. Ailə-məişət problemlərindən bəhs edən kompozisiyanın ssenari müəllifi İğadulla Hüseynzadə, quruluşçu rejissoru Cəmaləddin Əliyevdir. Cəlilabad Xalq Teatrının kollektivi isə, İman Abdullanın “Əsirlər” poemasının motivləri əsasında hazırladıqları və Buludxan Buludovun quruluş verdiyi bir pərdəli faciə -“Biz qayıdacağıq, Xocalı” tamaşasını səhnələşdirdilər.Salyan rayon Mədəniyyət Mərkəzinin “Güzgü” Miniatür Xalq Teatrı və “Dama” art-studiyanın kollektivi festivalda iki tamaşa ilə iştirak edirdi. Salyanlı aktyorlar əvvəlcə xalq yazıçısı Anar Rzayevin “Asılqanda işləyən qadının söhbəti” hekayəsini, sonra isə, Mirzəağa Atəşin “Gəlinlər” komediyasındankiçik bir parçanı oynadılar.Tamaşalara quruluşu rejissor Kürçaylı Məmmədov vermişdir. Biləsuvar rayon Mədəniyyət Mərkəzinin “Pəncərə”teatr studiyasının aktyorları festivaldaN. B. Vəzirovun bir pərdəli “Ev tərbiyəsinin bir şəkli” komediya tamaşası ilə iştirak edirdi.Festivalın sonuncu tamaşası Astara aktyorları tərəfindən ifa olundu. Belə ki, Astara rayon Kakalos kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən M. Şəhriyar adına Xalq Teatrı iki kompozisiya ilə - S. Rəhmanın “Xoşbəxtlər” komediyası və Fatma Həsənqızının hekayələri əsasında hazırlanmış və Xocalı soyqırımından bəhs edən dramatik məzmunlu tamaşa ilə çıxış etdilər. Teatr kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən böyük maraq qarşılandı.

Aktyorların ifaları peşəkar aktyor və teatrşünaslardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi. Belə ki, Əməkdar artistlər Loğman Kərimov və Azad Şükürov, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva, Əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, Mədəniyyət Nazirliyinin əməkdaşları – Vüqar Məmmədov və Elgün Əliyevin daxil olduqları münsiflər heyəti teatr kollektivlərini müxtəlif, o cümlədən rejissor və aktyor işi, səhnə danışığı, geyim, səhnə, səs tərtibatı və digər meyarlar üzrə qiymətləndirib, irad və tövsiyyələrini bildirdilər.

Qeyd edək ki, festivalın seçim mərhələsində fərqlənən teatr kollektivləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ əldə edəcək.