03.04.2019
3 aprel tarixində Masallı Tarix-Diyarşünaslıq muzeyində Aprel döyüşlərinin üçünçü ildönümünə həsr olunmuş “Qəhrəmanlıq Salnaməsi “ adlı tədbir keçirildi. Tədbiri muzeyin direktoru Tağıyeva Əntiqə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə açıq elan etdi. Ə. Tağıyeva Aprel döyüşləri Azərbaycan dövlətinin hərbi-siyasi qüdrətini, Azərbaycan xalqının birliyi və dəyanətini, düşmən hücumlarına layiqli cavab verən hünərli iğidlərimizin vətən torpağının sahibsiz olmadığını bir daha sübut etdiyini söylədi. Aprel qələbələrinin cəmiyyətimiz və ordumuzda yaratdığı özünəinam və ruh yüksəkliyi haqqında muzeyin elmi işçisi Ağayev Həbib mühazirə ilə çıxış etdi. Tədbirdə Aprel döyüşlərinin iştirakçısı Cankişizadə Əziz çıxış edərək, həmin günləri yaxşı xatırladığını, vətən uğrunda hər zaman canından keçməyə hazır olduğunu, Aprel qələbələri ilə qürur duyduğunu söylədi. Tədbirdə həmçinin Masallı rayon MƏSQVŞ sədri Şiriyev Məmmədağa, Ziyali İctimai Birliyinin sədri Fətullayev Qardaş, QMƏV və ŞAİB Masallı rayon filalının sədri Rəhimov Nahid, SHXÇDX Masallı rayon Şöbəsinin baş leytenantı Nəsibov Rəvan çıxış edərək, şanlı Aprel qələbələri, ölkəmizin siyasi-iqtisadi və hərbi-texniki gücü haqqında danışdılar. Bununla yanaşı, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna rolu olduğunu söylədilər. Şəhid anası “Şəhid Anaları” cəmiyyətinin Masallı rayonu üzrə nümayəndəsi Ziba Əsgərli, şəhid Aqil Məlikovun qardaşı Ədalət Məlikov çıxış edərək, şəhid doğmalarının keçdiyi şərəfli döyüş yolundan, şəhidlik məqamının ucalığından danışdılar.
Tədbirin sonunda xatirə fotoları çəkildi.
Aprel döyüşləri və birinci Qarabağ müharibəsində həyatını itirmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ümid edirik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və üçrəngli bayrağımız tezliklə Şuşa, Xocalı, Laçın və digər işğal altındakı torpaqlarımızda dalğalanacaqdır.