02.04.2019
2 aprel 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar tədbir keçirilib. Mərkəzi Kitabxana və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb müəllimləri, şagird və valideynlər iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov şagirdləri əlamətdar gün münasibəti ilə təbrik edib. O, ilk dəfə 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün, aprelin 2-nin Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edildiyini və bütün dünya ölkələrində qeyd olunduğunu bildirdi. O, bu tarixin cəmiyyətin diqqətini uşaq ədəbiyyatına yönəltməklə, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək üçün yaradıldığını qeyd etdi. Təhsil şöbəsinin Kitabxana işi üzrə metodisti Minəvyər Əzimova çıxış edərək uşaqların tərbiyəsində mütailənin xüsusi yer tutduğunu bildirdi. Onlar kitab oxumağın uşaqları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə etdiyini deyərək, xalqımızın mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmalarına imkan yaratdıqlarından söz açdı..Tədbirdə iştirak edən şəhər 2,3,4,5,6 saylı, Ərkivan qəsəbə 1,4 saylı, Dəmirçi, Yeddioymaq, Kəlbəhüseynli kənd orta məktəblərinin şagirdləri hekayə və nağıllar əsasında hazırladıqları bir-birindən maraqlı səhnəciklər nümayiş etdirib, şeir və rəqs nümunələri ilə çıxış ediblər.Tədbirin sonunda “Ədəbiyyat biliciləri” adlı viktorina keçirilib. Viktorinada qalib gələn şagirdlərdən 1-ci yer tutan Kəlbəhüseynli kənd orta məktəbdən Şahin Bağırov, 2-ci yer tutan şəhər 6 saylı orta məktəbdən Fatma Həsənzadə və Ərkivan qəsəbə 4 saylı orta məktəbdən Nuray İsmayılova, 3-cü yer tutan şəhər 3 saylı orta məktəbdən Murad Quluzadə və Ərkivan qəsəbə 2 saylı orta məktəbdən Sadıq Cahangirov müxtəlif kitablarla mükafatlandırıldı.