Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda torpaq idarəçiliyi ilə bağlı maarifləndirici işgüzar forum keçirilib

08.08.2017

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı regionlarda maarifləndirici işgüzar forumlar keçirilir.

Komitədən bildirilib ki, yerli icra hakimiyyətləri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri və iri torpaq mülkiyyətçilərinin maarifləndirilməsi məqsədilə keçirilən növbəti forum Cəlilabad rayonunda olub.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm tədbirlər görülür, müvafiq fərmanlar imzalanır, tapşırıqlar verilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən, torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi, torpaqların səmərəli istifadəsinin təşkili, torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması prioritet məsələ kimi müəyyən olunub. ƏMDK da Fərmana uyğun olaraq, torpaq idarəçiliyi və inzibatçılığı sahəsində genişmiqyaslı tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də həyata keçirilən maarifləndirici işgüzar forumlardır.

İşgüzar forumların keçirilməsinin əsas məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyəti qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı məlumatlandırmaq, onlara torpaqların kateqoriyası və təyinatına uyğun istifadəsi ilə əlaqədar müvafiq qanunun müddəalarına riayət edilməsinin vacibliyini bildirmək, o cümlədən torpaq idarəçiliyində yaranan qanun pozuntularına qarşı tətbiq olunan inzibati xətalar və sanksiyalar barəsində maarifləndirməkdir. Eyni zamanda, yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərə torpaqların istifadəsi ilə bağlı hüquq və vəzifələrini agah etmək, torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə bağlı yaranan məsələlər barəsində maarifləndirmək, vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini bildirmək, torpaqların təyinatının dəyişdirilməsi qaydalarını izah etmək də forumun əsas vəzifələrindəndir.

Forumun keçirilməsi komitənin torpaqla bağlı fəaliyyətinin icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkilində mühüm əhəmiyyət kəsb edir. Belə forumların keçirilməsi müxtəlif istiqamətlərdə əməkdaşlığın reallaşdırılmasına, bu işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır.

Tədbirdə komitə nümayəndəsi “Torpaq idarəçiliyi və inzibatçılığının prinsipləri, bu sahədə tətbiq olunan yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, torpaq idarəçiliyində, torpaq bazarının təşkilində, torpaqların səmərəli istifadəsində, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə mühüm işlər görülür. Bu sahələrin müasir metodlarla idarə edilməsi diqqətə çatdırılıb.

Həmçinin torpaqlardan düzgün, səmərəli istifadənin elementləri və prinsipləri barədə məlumat verilib. Torpaq idarəçiliyində yaranan qanun pozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunub. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Belə qanun pozuntularının aradan qaldırılması üçün torpaq müfəttişləri tərəfindən monitorinq və reydlər keçirilir. Qanun pozuntusuna yol verən şəxslərə qanunvericiliyə uyğun protokollar tərtib edilir.

Diqqətə çatdırılıb ki, vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bazasının yaradılması istiqamətində işlər aparılır. Ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur.

Sonda vətəndaşların torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair sualları cavablandırılıb. Onlara komitənin nümayəndələri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, zəruri izahatlar verilib.

Komitə tərəfindən növbəti belə maarifləndirici işgüzar forumlar Salyan, Quba və Abşeron rayonlarında keçiriləcək.