Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abbas Səhhət - 150

12.11.2024

Noyabrın 12-də Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi və dramaturqu Abbas Səhhətin anadan olmasının 150 illiyi ilə əlaqədar olaraq “Abbas Səhhət - 150” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Rəşad İsmayılov bildirib ki, Azərbaycanda romantizm cərəyanının görkəmli nümayəndəsi Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində anadan olmuşdur.Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını dəstəkləyib.Əsərlərində İslam dəyərlərinin qorunması fikrini müdafiə edib.

Sonra kitabxananın digər əməkdaşı Ağahüseyn Hüseyni məruzəsində bildirib ki, Abbas Səhhət məktəblərdə Azərbaycan və rus dillərində dərs deyib.1903-cü ildən məqalələri “Şərqi-rus” qəzetində dərc olunub.”Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olmuş, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulmuşdur. Qeyd olunub ki, ”Vətənimdir” adlı şeiri ilə Azərbaycan poeziyasına öz möhürünü vuran Abbas Səhhətin çoxşaxəli yaradıcılığına “Əhmədin cəsarəti”, “Şair , muza və şəhərli” poemaları, “Kasıblıq eyib deyil”, “Neft fontanı” komediyaları, Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik və digər qiymətli əsərlər daxildir. Abbas Səhhət “Ana və bala”, “Ata və oğul”, “Yay”, “Ayı və şir”, “Quşlar” və onlarla başqa şeirlər yazıb.

Tədbirin sonunda kitabxananın əməkdaşı Günay Xəlilova çıxış edərək Abbas Səhhət irsi ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.