Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşalı nəğməkar

06.11.2024

Noyabrın 6-da Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Şuşalı nəğməkar” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Arzu Hüseynova bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Süleyman Ələsgərov geniş çaplı və məhsuldar yaradıcılığı ilə incəsənətin inkişafında böyük xidmətlər göstərmişdir. Görkəmli bəstəkarın müxtəlif janrlarda yazdığı möhtəşəm sənət nümunəsi olan əsərləri indi də milli musiqi qalareyamıza rəngarənglik qatır.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində vurğulayıb ki, tükənməz yaradıcılıq imkanlarına malik olmuş Süleyman Ələsgərov 11 operettanın, o cümlədən musiqili komediyaların,operaların və digər klassik musiqi janrlarında əsərlərin, həmçinin 200-dən artıq nəğmənin müəllifi olub. Qeyd olunub ki, ürəyi Vətən arzusu ilə çırpınan bəstəkarın hərbi vətənpərvərlik mövzusunda əsərləri insanlarda mübarizə əzmi yaradır. Bəstəkar yaradıcılığında kiçik yaşlı uşaqları da unutmamışdır. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Süleyman Ələsgərov səmərəli yaradıcılığı ilə yanaşı, həm də fəal ictimaiyyətçi olub. O, müxtəlif illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Radio və Televiziya xalq-çalğı alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru, Mədəniyyət Nazirliyinin İncəsənət idarəsinin rəisi, Bakı Musiqi Akademiyasında xalq-çalğı alətləri kafedrasının müdiri vəzifələrində işləyib.