26.08.2024
Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Aidə Quliyeva bildirib ki, Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, sərhədsiz xeyirxahlıq və mərhəmət Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir.
Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova Mehriban Əliyevanın zəngin bioqrafiyası və ölkəmizin ictimai-siyasi həyatında səmərəli fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib. O, vurğulayıb ki, Azərbaycan xalqının böyük sevgisini qazanmış Mehriban xanım Qalib Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi bu gün onunla çiyin-çiyinə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edir. Qeyd olunub ki, onun Vətən və xalq qarşısında daha bir önəmli xidməti ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində göstərdiyi aramsız səylər və çoxsaylı layihələrdir. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının reallaşmasında, xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilməsində, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasında mühüm işlər görür. 2017-ci ilin fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə məhsuldar və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir.