20.07.2024
Lənkəran Mərkəzi Kitabxanasında Milli Mətbuat və Jurnalistika gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə yerli jurnalistlərlə yanaşı, ölkənin ayrı-ayrı kütləvi-informasiya vasitələrinin və televiziya kanallarının cənub bölgəsində təmsil olunan əməkdaşları iştirak ediblər.
Öncə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran Mərkəzi Kitabxanasının direktor v.m.i.e Arzu Rufullayeva çıxış edərək jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, Milli Mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan söz açaraq mətbuatın bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğunu söyləyib.
A. Rufullayeva bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatımızın üzləşdiyi bir sıra problemlərin həlli istiqamətində vacib addımlar atıldı, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığı təsbit olundu, senzuranın ləğvi isə milli mətbuatımızın inkişaf etməsinə böyük təkan verdi. Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev də hər il milli mətbuatımızın ad gününün təntənə ilə keçirilməsini ənənəyə çevirib. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısının prioritet istiqamətlərindəndir.
Sonra çıxış edən "Lənkəran Qazetinin" baş redaktoru Əlimərdan Əliyev, AJB-nin Lənkəran bölməsinin Sədri Şəfahət Həsənov, "Respublika Qazetinin" bölgə müxbiri Əlisafa Həsənov, Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova, "APA TV" nin bölgə müxbiri İlkin Rzayev, Jurnalist Şəmsəddin Canıyev Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırdılar, cəmiyyət həyatında mətbuatın önəmli rolundan, ölkəmizdə medianın inkişafı naminə görülən işlərdən danışdılar, Lənkəran Mərkəzi Kitabxanası tərəfindən mətbuat işçiləri və qələm adamları ilə görüşlərin mütəmadi olaraq təşkil olunmasını yüksək qiymətləndirdiklərini bildirdilər.
Tədbirin sonunda Lənkəran Mərkəzi Kitabxanası tərəfindən mətbuat işçiləri Fəxri Fərman ilə təltif olunublar və xatirə şəkli çəkdirilib.