03.06.2024
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva Süleyman Ələsgərovun 1924-cü ildə musiqi və mədəniyyətimizin beşiyi olan Şuşada anadan olduğunu və ilk təhsilini musiqi texnikumunun tar sinifində aldığını bildirib.
Çıxışda qeyd olunub ki, yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali təhsil almaq üçün Bakıya üz tutub. O, Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirərək qısa müddət ərzində musiqi ictimaiyyətində tanınmağa başlanıb.
Sonra kitabxananın digər əməkdaşı Gülər Kərimova məruzəsində gənc bəstəkar Süleyman Ələsgərovun1943-cü ildə Ü. Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunduğunu və yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni“ mahnısının böyük rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, tükənməz yaradıcılıq imkanlarına malik olmuş Süleyman Ələsgərov on bir operettanın, “Ulduz”, “Özümüz bilərik” musiqili komediyaların,”Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, həmçinin bir çox nəğmələrin müəllifi olub. Süleyman Ələsgərovun yaradıcılığında bəstələdiyi mahnılar, balladalar, çoxlu sayda hərbi marşlar Vətən harayı, düşmənə qisas çağırışı olub.