Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “İlmələr və düşüncələr” adlı ustad dərs keçirilib

28.06.2024

 Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astata Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycanda Tətbiqi İncəsənətin qədim növü olan xalça sənətinin yeni nəsillərə tanıdılması məqsədilə “ İlmələr və düşüncələr” adlı ustad dərs keçirilib.

Masallı Sənaye məhəlləsində keçirilən ustad dərsində gənclər və tələbələr iştirak ediblər.

Dərs öncəsi muzeyin direktoru Əntiqə Tağıyeva xalça sənətindən danışaraq diqqətə çatdırıb ki, Azərbaycanda xalçaçılığın tarixi çox qədimdir. Onun ilk nümunələrinin meydana gəldiyi dövr eramızdan xeyli əvvələ təsadüf edir. Azərbaycan mədəniyyətində xalça sadəcə bir ev bəzək elementi deyil, o həm də bir-birini əvəz edən tarixi dövr və üslubları cəmləşdirən, bədii zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirən incəsənətdir.

Sonra ustad sənətkar Tünzalə Abuzərova xalça və xalçaçılıq sənətinin iş prosesi, bu sənət növündə istifadə olunan alət və məmulatlar haqqında iştirakçılara geniş və ətraflı məlumat verib.

Xalçaçılıq sənətinin sirlərini gənclərə öyrədən T. Abuzərova toxunan xalçalarla yanaşı, bu sahədə elmi potensialın və kadr təminatının gücləndirilməsi işini də diqqətə çatdıraraq söyləyib ki, xalçaçılıq üzrə təhsil imkanlarının mövcudluğu həm bu sənətin tarixi sənətkarlıq ənənələrinə uyğun yaşadılması, həm də gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının təmin edilməsi üçün mühüm amildir.

Dərs zamanı iştirakçıların verdiyi suallar ətrafında maraqlı diskussiya aparan yeniyetmə gənclər özlərini xalça dəzgahı arxasında sınayıblar.