10.05.2024
Lerik rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin Lerik şəhərindəki abidəsi ziyarət edilərək, önünə gül dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları Lerik rayon Mədəniyyət Mərkəzinin foyesində mərkəzin və Dövlət Rəsm Qalereyasının birgə hazırladığı məktəblilərin əli işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə Lerik rayon Heydər Əliyev Mərkəzinin hazırladığı Ümummilli lider Heydər Əliyevin sadə zəhmət adamı Lerikli fermer Xanış Şahiyevlə görüşlərinə həsr olunmuş “Zəhmətlə qazanılan dostluq” adlı videoçarx nümayiş olunub.
Sonra məruzə ilə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, Ulu Öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu, o cümlədən, müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyasını yerinə yetirməklə yenicə elan etdiyi müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarmışdır.
Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Daha sonra Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov “Heydər Əliyev və Azərbaycan mətbuatı”, Lerik Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Maqsud Ağayev “Ümummilli Lider və milli səhiyyəmizin inkişafı”, Lerik rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq İsaqov “Gənclərin milli ruhda tərbiyəsində Heydər Əliyevin rolu” mövzularında çıxışlar ediblər.