11.05.2024
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı nümayəndəliyi üzrə YAP ərazi partiya təşkilatının birgə əməkdaşlığı çərçivəsində Masallı Tarix -Diyarşünaslıq Muzeyində “Azərbaycan Bolqarıstan əlaqələri qarşılıqlı inkişaf edir” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı nümayəndəliyi üzrə YAP ərazi partiya təşkilatının sədri Ceyhun Bəşirov, mədəniyyət nümayəndələri və YAP fəalları iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və vətənin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açıq elan edən muzeyin direktoru Əntiqə Tağıyeva çıxışında bildirib ki, iki dövlət Azərbaycan-Bolqarıstan arasında münasibətlər XX əsrin əvvəllərindən başlayaraq çox möhkəm təməl üzərində qurulub və bu son onilliklər ərzində sürətlə inkişaf edir.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev mövzu ilə bağlı geniş məruzə edərək vurğulayıb ki, Azərbaycanın ümumilikdə mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirməzi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Natiq çıxışında qeyd edib ki, dünya siyasi xəttində Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasət sayəsində Avropa qitəsində öz mövqelərini möhkəmləndirib.
Sonra çıxış edən Lənkəran-Astara Regional İdarəsinin Masallı rayon üzrə YAP ərazi partiya təşkilatının sədri Ceyhun Bəşirov iki ölkə arasında energetika, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişaf edərək yüksək strateji səviyyəyə çatmasından söhbət açıb.
Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran -Astara Regional Masallı bölməsi üzrə nümayəndəsi, gənc YAP fəalı Orxan Əliyev Azərbaycan və Bolqarıstanın strateji tərəfdaş olduqlarını qeyd edərək bildirib ki, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət başçılarının nümayiş etdirdikləri siyasi iradənin önəmini xüsusi qeyd etmək lazımdır. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Həm Bolqarıstan, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın bu gün bütün sahələr üzrə inkişaf etdirilməsinə maraq göstərir.