Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsinin hesabat-seçki konfransı keçirilib

25.04.2024

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsinin VIII hesabat-seçki konfransı keçirilib.

Konfransda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əmək-texniki müfəttişi Çingiz İbrahimov, həmçinin həmkar üzvlər, mədəniyyət işçiləri, mətbuat nümayəndələri və başqaları iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Dövlət himni səsləndirilib.

İclasın sədri Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və katibi Rəmziyyə Bədəlova təyin olunub.

Sədr, tədbiri açaraq, hesabat-seçki yığıncağının qonaqlarını və iştirakçılarını salamlayıb. Sonra o, konfransın gündəliyi və seçki proseduru barədə iştirakçıları məlumatlandırıb.

Masallı rayon Komitəsinin sədri Vəkil İsmailov hesabat-seçki konfransında geniş hesabat məruzəsi ilə çıxış edib. Məruzədə Komitənin strukturu, üzvləri, həmçinin fəaliyyətinin 2017 – 2023-cü illəri əhatə edən dövrü barədə təfərrüatlı məlumatlar verilib, ötən dövr ərzində görülmüş işlər faktlar və rəqəmlərlə ifadə olunub.

Sonra Komitənin Təftiş komissiyasının sədri Əlizadə Rəhmətovun yerli təşkilatın fəaliyyətinin müxtəlif aspektlərinə həsr olunan hesabat məruzəsi dinlənilib. Eyni zamanda, Komitənin digər üzvləri Əntiqə Tağıyeva, Bəhrəm Abuşov, Vəfa Dövlətova və Günay Xəlilova seçki ilə bağlı fikir və rəylərini konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Daha sonra Masallı rayon Komitəsinin struktur bölmələrinə rəhbər və üzvlərin seçilməsinə başlanılıb. Reqlamentə uyğun olaraq, açıq səsvermədə Komitəyə, Rəyasət heyətinə və Təftiş komissiyasına üzvlər seçilərək, yeni tərkiblər formalaşdırılıb və təsdiq edilib. Komitənin yeni tərkibinin ilk iclasının müzakirəsindən sonra səsvermə keçirilib və Vəkil İsmailov yekdilliklə qarşıdakı dövr üçün yerli Komitəyə sədr seçilib.

Hesabat-seçki konfransının qonaqları Çingiz İbrahimov, Elxan Şahverdiyev və Bəxtiyar Qılıncov çıxış edərək, Masallı rayon Komitəsinin yeni rəhbərini və həmkar üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Çıxış, təklif və tövsiyələrdən sonra Masallı rayon Komitəsinin VIII hesabat-seçki konfransının işinə yekun vurulub.