Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

100 il oxucuların xidmətində

23.04.2024

Masallı rayon Mərkəzi Kitabxanasında kitabxananın yaranmasının 100 illiyi ilə əlaqədar "100 il oxucuların xidmətində" adlı yubiley tədbiri keçirilib.

Yubiley tədbirində rayon rəsmiləri, mədəniyyət işçiləri, ağsaqqal və ziyalılar, yerli yazarlar, ictimaiyyət və media nümayəndələri, oxucular iştirak edib.  

İştirakçılar əvvəlcə kitabxanın həyətində təşkil edilmiş kitab və rəsm sərgisi ilə tanış olublar.

Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabxananın keçdiyi tarixi yola nəzər salınıb. Tədibirin aparıcıları Aygül Mirzəzadə və Günay Xəlilova kitabxananın 100 illik fəaliyyəti haqqında iştirakçılara məlumat veriblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Ulu öndər Heydər Əliyevin mədəniyyət siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin kitabxanaların fəaliyyətinə göstərdiyi diqqət və qayğıdan danışaraq dövlət tərəfindən kitabxana işinə yüksək qiymət verildiyini, bu sahənin inkişafına xüsusi diqqət ayrıldığını diqqətə çatdırıb.

Masallı RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Seyfəddin Əliyev, yazıçı-publisist Nurəddin Ədiloğlu, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Vəkil İsmayılov, müxtəlif illərdə rayon mərkəzi kitabxanasına rəhbərlik etmiş Adil Heydərov, Əlhəddin Nəzərov, “Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev, “Göy qurğağı” ədəbi məclisinin həmsədri Xanəli Tolış və başqaları milli sərvətimiz, məbədgahımız olan kitabxanaların xalqın intellektinin formalaşmasında, biblioqrafiyalaşdırma sahəsində, mənəvi yaddaşımızın nəsildən nəsilə ötürülməsində əhəmiyyətini vurğulayıblar.

Çıxışlarda Azərbaycanda, eləcə də Masallıda kitabxana ənənələrinin qədimliyindən danışılıb, Milli Kitabxananın fondundan yararlanmağın, mütailənin vacibliyi gündəmə gətirilib. 

Kitabxana işçilərini mədəniyyətimizin qoruyucuları adlandıran natiqlər kitabxana əməkdaşlarını və oxucuları əlamətdar gün münasibətilə təbrik ediblər.

Tədbir rayon mədəniyyət mərkəzinin solistlərinin, "Həcər" Folklor Kollektivinin, Onbirillik İncəsənət Məktəbinin müəllim və şagirdlərinin, Masallı şəhər 3 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının, Masallı Dövlət Regional Kollketivinin tələbələrinin ifasında şeir, mahnıların səsləndirilməsilə davam edib.

Yekunda bir qrup mədəniyyət nümayəndələrinə və oxuculara "Fəxri Fərman", "Təşəkkürnamə"lər təqdim olunub.