Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ümumi məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi 8,2 faiz artıb

07.08.2017

Masallı Rayon İcra Hakimiyyətinin geniş şura iclasında 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Toplantıda rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun hesabat məruzəsi dinlənilib.

Qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da 2017-ci ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub, yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib.

Bu müddətdə Masallı şəhərinin əksər küçələrində səki və bordürlər, hasarlar təmir edilib. Heydər Əliyev prospektində uzunluğu 1000 metrə yaxın olan suötürücü kanalın çəkilişinə başlanılıb.

Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar Kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilib. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.

Şəhərdə 100 yerlik uşaq bağçası tikilib istifadəyə verilib, “Cümə” məscidində əsaslı təmir işləri davam etdirilir.

Ötən əsrin 70-80-ci illərində inşa edilmiş 27 kommunal yaşayış binasının fasad və dam örtüklərində əsaslı təmir işləri başa çatdırılıb. Bundan əlavə, 18 binanın dam örtüyünün və 5 binanın fasadının əsaslı təmirinə başlanılıb.

Hesabat dövründə 180 şagird yerlik Şatıroba kənd ümumi orta məktəbi tikilib istifadəyə verilib, Meşəkənarı kəndində modul tipli məktəbin tikintisi üçün hazırlıq işlərinə başlanılıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Masallıda Sənaye Məhəlləsi yaradılır. Bu məqsədlə rayonda fəaliyyət göstərən kiçik və orta sahibkarlarla müzakirələr aparılıb və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılıb. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə yeni təkan verəcək.

Diqqətə çatdırılıb ki, rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 305,6 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,6, kənd təsərrüfatı məhsullarının həcmi 17,3, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3,3 faiz artıb.

Bu ilin altı ayında Masallı Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan 893 işaxtaran vətəndaşdan 581 nəfəri işlə təmin olunub.

Yığıncaqda çıxış edənlər bu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.