Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masalli Tarix-Diyarşünaslıq muzeyində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilmişdir

04.12.2018

4 dekabr tarixində Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq muzeyində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə şəhid doğmaları, tanınmış rayon ziyalıları, jurnalistlər, rayonda fəaliyyət göstərən QHT nümayəndələri, məktəblilər və s. iştirak etdilər. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamladı  və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışına davam edən xanım Tağıyeva, tədbirin keçirilməsinin əhəmiyyətindən, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açmış, şəhidlərin unudulmaması və xatirəsinin əbədiləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyini qeyd etdi.

     İlk olaraq çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Məmmədağa Şiriyev Qarabağda döyüşlərin başladığı ilk vaxtlardan etibarən Masallıdan olan əsgərlərin döyüşlərdə fəal iştirak etdiklərini qeyd etmişdir. Aprel döyüşlərini xatırladan Şiriyev, qazanılan qələbənin cəmiyyətdə yaratdığı ruh yüksəkliyindən, torpaqlarımızı işğaldan azad edə biləcəyimizə olan inamından bəhs etmişdir. Çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov Qarabağ müharibəsi iştirakçısı olduğunu, torpaqların tezliklə azad ediləcəyini arzu etdiyini bildirmişdir. “Yeni  Həyat ” qəzetinin məsul katibi Rəsul Rzayev şəhidlərin tez-tez xatırlanmalı olduğunu qeyd etmiş və bunun gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasındakı rolunu vurğulamışdır. Daha sonra çıxış edən Respublika Milli Qəhrəmanlar Birliyinin sədr müavini və Birliyin Masallı rayon nümayəndəsi Yavər Yusubov Aprel döyüşlərindən və ordumuzun gücündən, Masallıdan olan Milli Qəhrəman – Səfəralı Məmmədovun iğidlik və şücaətindən söz açmış, Milli Qəhrəman Elşad Əhədovun müəllimi olduğunu fəxrlə qeyd etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşı, leytenant Babək Hacıyev çıxışında şəhidlik zirvəsinin hər kəsə nəsib olmadığını və şəhidlərimizlə qürur duyduğunu vurğulamışdır. Aprel döyüşləri zamanı Masallı gəncləri ilə yanaşı, ahıl qocaların belə ordu sıralarına yazılmaq üçün müraciət etdiklərini bildirmişdir. Bəyalı Məmmədov adına Böyük Xocavar kənd orta məktəbinin direktoru Abusət Zeynalov şəhid analarının böyük diqqət və ehtirama layiq olduqlarını və onların qarşısında baş əydiyini demişdir. Bakıdan təşrif  buyurmuş hərbi jurnalist, şairə Xatirə Rəhimli çıxışında şəhidlərlə bağlı  xatirələrindən danışdı. Sonda çıxış edən aprel şəhidi Nurlan Əsgərlinin anası Ziba xanım, şəhid övladının keçdiyi döyüş yolundan, belə tədbirlərin gənc nəslin tərbiyəsində böyük  rolu olmağından danışdı. Tədbirin sonunda iştirakçılar muzeyin  ekspozisiya zalında  şəhidlərimizə həsr olunmuş sənədli və foto materiallardan təşkil edilmiş sərgiyə baxış keçirərək  xatirə şəkli çəkdirdilər.