18.01.2023
Yanvarın 18-də Masallı Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Həsənli kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tarix dərsi keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra muzeyin direktoru Əntiqə Tağıyeva və məktəbin direktoru Yaqub Ələmov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışaraq, həmin dövrün siyasi mənzərəsindən bəhs ediblər. Natiqlər həmçinin ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıblar.
Daha sonra muzeyin elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı geniş məruzə edib.
Yekunda tədbir iştirakçıları 20 Yanvar hadisələrini özündə əks etdirən foto sərgi ilə də tanış olublar.