12.06.2018
12 iyun 2018-ci ildə Masallı şəhər İncəsənət məktəbində 2017-2018-ci tədris ili üzrə hesabat konserti keçirilib. Burada Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və digər qonaqlar iştirak edirdi. Tədbirdə çıxış edən məktəbin direktoru Azər Əhədzadə iştirakçıları salamlayaraq konserti açıq elan etdi. O, Masallı rayonunda ilk musiqi məktəbinin 1964-cü ildə fəaliyyət göstərdiyini, bu məktəbin 1980-ci ildə incəsənət məktəbi adlandığını və 2016-cı il sentyabrın 3-də açılışında ölkə Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi iki mərtəbəli, müasir tələblərə cavab verən, geniş və yaraşıqlı 11 illik İncəsənət Məktəbinin tikilib istifadəyə verildiyini bildirdi. Məktəb rəhbəri 69 müəllimin çalışdığı, 300 şagirdin təhsil aldığı bu mədəniyyət ocağında fortopiano, tar, qarmon, kamança, balaban, xanəndəlik, rəssamlıq və rəqs şöbələrinin fəaliyyət göstərdiyini söylədi. Sonra məktəb şagirdlərinin ifasında bir-birindən maraqlı və yaddaqalan çıxışlar izlənildi. Tədbir iştirakçılarının çox böyük marağına səbəb olan mahnı ifaları və rəqs nömrələri sürəkli alqışlarla qarşılandı.
Tədbirdə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin çıxışları dinlənildi. Yazıçı-publisist Ə. Niftiyev yenicə işıq üzü görmüş kitablarını çıxışları ilə fərqlənən şagirdlərə hədiyyə edərək, məktəb rəhbərini Rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif etdi.