Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” adlı tədbir keçirilib

18.04.2022

Aprelin 18-də Yardımlı rayon Mərkəzi Kitabxanasında "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" adlı sərgi tərtib edilib.

Kitabxananın şöbə müdiri Vasif Abdulov oxucuları sərgi ilə tanış edərək geniş məruzə ilə çıxış edib. O, bildirib: "Bu əlamətdar gün 1983-cü ildə YUNESKO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub. Məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. İbtidai cəmiyyət adlandırılan çox qədim zamanlardan başlayaraq bəşər övladının bu dünyada yaşamı nəinki izsiz ötməmiş, əksinə, o, özündən sonra gələn nəsillərə çox nəsnələr söyləyəcək maddi və mənəvi mədəniyyət qoymuşdur. Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yol keçərək çoxsaylı abidələr yaratmışlar və onlar bu gün çox qiymətli nümunə olaraq qorunub saxlanılır. Ölkəmizin bütün ərazilərində tarixi abidələr mövcuddur ki, bunların da yaşı əsrləri və minillikləri əhatə edir. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz bağlardır".

Əlavə olunub ki, abidələr və tarixi yerlərimizin məhvolma təhlükəsi ölkəmizdən də yan ötməmişdir. Torpaqlarımızın 30 ilə yaxın bir müddətdə erməni hərbi birləşmələri və terrorçuları tərəfindən işğal altında qalması nəticəsində qədim Azərbaycan torpaqları olan  Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri dağıdılmışdır.

Sonda qeyd olunub ki, sərgidə əslən rayonumuzdan olan Yardımlı rayonunun tarixi abidələri və etnoqrafiyasının tədqiqatçısı, tarixçi Mirnağı Nəzərlinin ”Tariximizin daş yaddaşı” kitabı da yer alıb. Kitabda Azərbaycan tarixinin tərkib hissəsi olan Yardımlı rayonunun tarixi abidələri və arxeoloji qazıntıları haqqında məlumat verilir.