30.03.2022
Martın 30-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı növbəti tarix dərsini Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbində keçirib. Dərsdə adıçəkilən orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
İlk öncə, soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin elmi işçisi Dilgüşə Məmmədova erməni millətçilərinin son iki əsrdə Azərbaycan xalqının başına gətirdikləri faciələr, soyqırımlar barədə geniş məruzə ilə çıxış edib. D. Məmmədova deyib ki, ermənilərin Azərbaycan xalqına qarşı yönəlmiş soyqırımları özünün ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixinin ən amansız cinayət aktlarındandır.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışında qeyd edib: "Sovet hakimiyyəti dövründə 1918-ci ilin mart-aprel aylarında yaşanmış soyqırımı aktlarını, xalqımızın başına gətirilən digər faciələrlə bağlı xatirələri xalqın yaddaşından silməyə cəhdlər göstərilsə də, buna əsasən nail ola bilməyiblər. Sonrakı dövrlərdə bütün tarixi həqiqətlər aşkar oldu, xalqımıza qarşı törədilmiş cinayətlərə siyasi-hüquqi qiymətlər verildi".
Sonra şagirdlər 31 Mart soyqırımına aid fotomateriallarla tanış olub, mövzu ilə bağlı onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.