Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lənkəranda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

01.06.2026

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Lənkəran şəhərində bayram tədbiri keçirilib.Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarənin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, valideynlər və çoxsaylı uşaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər uşaqların cəmiyyətin ən qiymətli sərvəti olduğunu vurğulayaraq onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsinin vacibliyindən danışıb, onlara xoşbəxt və uğurlu gələcək arzulayıblar. Qeyd olunub ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və asudə vaxtlarının səmərəli təşkili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Tədbirin bədii hissəsində Lənkəran şəhər C. Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri tərəfindən rəngarəng musiqi nömrələri təqdim olunub. Uşaqların ifasında səslənən mahnılar və musiqi kompozisiyaları iştirakçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub. Eyni zamanda, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib. Sərgidə təqdim olunan əsərlər uşaqların yaradıcılıq potensialını, zəngin təxəyyülünü və təsviri incəsənətə olan marağını əyani şəkildə nümayiş etdirib. Bayram əhval-ruhiyyəsində keçən tədbir iştirakçılara xoş anlar yaşadıb, uşaqların sevincinə və məmnunluğuna səbəb olub. Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.