Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Yardımlıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

02.03.2026

Yardımlı Rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycan memarlıq ənənələri-müasir çağırışlar” mövzusunda tədbir keçirilib. Tədbirdə Yardımlı RİH başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Miramil Səmədli, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, aparatın məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısının İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan memarlığının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Ulu Öndərin təşəbbüsü ilə memarlıq sahəsində strateji yanaşmalar formalaşdırılmış, tarixi abidələrin qorunması, şəhərsalmanın müasir tələblərə uyğun təşkili və regionların memarlıq inkişafı prioritet istiqamət kimi müəyyən olunmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsinin ölkənin tikinti sektorunda yeni inkişaf mərhələsi yaratdığı, şəhər mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına yüksək diqqətin göstəricisi olduğu qeyd edilib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması və ərazilərin sürətli dirçəldilməsi bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyinin əyani təzahürü olduğu bildirilib. Şəhərsalma proseslərində müasir innovasiyaların tətbiqi və regionların xüsusiyyətlərinə uyğun memarlıq yanaşmalarının əhəmiyyəti vurğulanıb.

Sonda tədbir iştirakçılar mərkəzdə Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara və Azərbaycan memarlıq nümunələrini əks etdirən kitablardan ibarət sərgiyə baxış keçiriblər.