17.10.2025
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq oktyabrın 17-də Astara rayon Heydər Əliyev Mərkəzində 20 oktyabr Zəngilan şəhəri gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Astara rayon S.Əliyev adına Rüdəkənar kənd ümumi orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Sonra Mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “Övladlarına qovuşan Zəngilan” mövzusunda film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.