16.08.2025
Avqustun 16-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində yubileyə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib.
Tədbirdə çıxış edən natiqlər Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında və tarixində tutduğu mövqedən, onun böyük şair olmaqla yanaşı, akademik səviyyəyə yüksəlmiş alim, xalqın şərəfini həmişə qoruyan tanınmış ictimai-siyasi xadim olmasından bəhs ediblər.
Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyevə çıxışında xüsusilə vurğulayıb ki, Bəxtiyar Vahabzadə gənc nəslin milli ruhda yetişməsində misilsiz rol oynayıb və bu müsabiqənin keçirilməsində məqsəd də məhz onun ideyalarının yeni nəsil tərəfindən mənimsənilməsi, sözə, poeziyaya, Vətən sevgisinə marağın artırılmasıdır.
Müsabiqədə Azərbaycanın müxtəlif bölgələrindən 8–18 yaş arasında olan 70 gənc qiraətçi iştirak edib. Nəticələrə görə:
• I yer – Zəhra Əliyeva,
• II yer – Arzum Salayeva və Leyla Şirinova,
• III yer – Süleyman Babayev, Ümleyla Əlizadə və Səma Hüseynova.Həvəsləndirici mükafatlara isə Səma Rzazadə, Gültac Bağırova, Mələk Şirinova, Zəhra Kərimli və Şənay Həsənli layiq görülüblər. Qaliblərə Fəxri Fərmanlar və müvafiq mükafatlar təqdim olunub.
Sonda qeyd olunub ki, belə tədbirlərin davamlı təşkili gənc nəslin ədəbiyyata sevgisini gücləndirəcək, Bəxtiyar Vahabzadə kimi böyük şəxsiyyətlərin yaradıcılıq irsinin yaşadılmasına xidmət edəcək.